Sonetlər - Şekspir Vilyam (читать книги онлайн регистрации txt) 📗
64
Öz ağır əlini çəkib varlığa,
Dövrün zinətini məhv edir zaman;
Uça qalaları qatır torpağa,
Dağılır min illik neçə xaniman.
Yeriyib sahili tutur ümman da,
Torpaq da zəbt edir göy dənizləri.
Döyüşlər, vuruşlar gedir hər yanda,
Biri itirsə də, qazanır biri.
Baxıram aləmin dəyişməsinə,
Görürəm həyatın aqibətini.
Sanki solan hər gül söyləyir mənə:
Zaman bir gün alar məhəbbətini.
Bu dərddən göynəyir köksümdə ürək,
Ölümdən ağırdır səni itirmək.
65
Tunc, qranit, torpaq, hüdudsuz dəniz
Ömrü başa vurur vaxt yetən kimi.
Sənin gözəlliyin — gül qədər aciz,
Zaman qarşısında dura bilərmi?
Qaya da yarılır parçalanaraq,
Bir nişan qalmayır qızmar kürədən.
Zərif gözəlliyi necə qurtaraq
Bu çətin, çıxılmaz mühasirədən?
Harada bir yer tapaq, saxlayaq necə
Zamanın dürrünü zamandan xəlvət?
De, kim üstün gələr belə bir gücə,
Hanı o iqtidar, hanı o qüvvət?
Qorudu, bəlkə də, ömrün son günü
Qara mürəkkəbim günəş hüsnünü.
66
Ölüm istəyirəm, dözmürəm artıq,
Mən baxa bilmirəm bu puç varlığa.
Nuru pəncəsində boğur qaranlıq,
Rəzalət yetişir bəxtiyarlığa.
Şərəf dustaq olub şərəfsizliyə, Saflıq
dərd içində göynəyir, əsir.
Kütlük əqlə gülür, yalan düzlüyə,
Gücün qollarına vurulub zəncir.
Yumruqla tıxanır ilhamın ağzı,
Əl açıb dilənir mənlik, ləyaqət.
Nadanlıq geyinib müdrik libası,
Hər yerdə saxtalıq, hər yerdə zillət.
Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq.
67
Bu saxta aləmdə nə üçün, niyə
Yaşayır o təmiz, o gözəl xilqət?
Hörmət donu biçir hörmətsizliyə,
Bəzənir onunla qüsur, qəbahət?
Otun gül yanağı canlı çiçəkdir,
Sənət oğurlayıb soldurur nədən?
Uydurma gözəllik nəyə gərəkdir,
Onun gözəlliyi həqiqət ikən?
İndi yoxsullaşıb ana təbiət,
Yanaqda qızılgül açmayır artıq.
Bütün yer üzündə ən nadir sərvət,
Ən böyük şərəfdir bu gözəl varlıq;
Təbiət saxlayıb onu saf, qəşəng
Keçmiş incilərdən bir nişanə tək.
68
Onun gözəlliyi ötən günlərdən
Qalan bir tablodur — daim təzə-tər.
Təbii rənglərlə don geyib zərdən,
Belə zinətlənir indi çiçəklər.
O vaxt məzarların bəzəyi, varı
Belə oğurlanıb qamarlanmamış.
Mərhum bir gözəlin qızıl saçları
İkinci bir başda tumarlanmamış.
O vaxt gözəlliyə yadmış saxta rəng,
İndi o yaşadır həmin zamanı.
Bahar oğurlamaz bahardan çiçək,
Yenilik qəsb etməz əvvəl olanı.
Onu hifz eyləyib təbiət bu gün
Süni gözəlliyə göstərmək üçün.
69
Görkəmin gözəldir sənin, doğrudan,
Kimin nə həddi var sənə söz deyə.
Hüsnünü görənlər heyrandır, heyran,
Sənə düşmənlər də gəlir səcdəyə.
Zahirin qazanır zahiri hörmət,
Fəqət daxilinə salanda nəzər,
Tərifin yerini tutur məzəmmət,
— Tamam alt-üst olur əvvəlki sözlər.
Qəlbini hamıdan gizlətsən də sən,
Əməlin güzgüsü, əksidir onun.
Gül kimi açılmış gözəlliyindən
Gəlir kəsif iyi alaq otunun.
Ətrin yaraşmayır hüsnünə nədən?
Çünki qoxulayır səni hər yetən.
70
Səni ləkələməz qeybət heç vədə;
Gözəli kölgə tək izləyir böhtan.
Şər incə naxışdır saf gözəllikdə;
Qarğasız olmayır aydın asiman.
Sənə yağdırılan bu iftiralar
Daha da artırır ləyaqətini.
Qəşəng çiçəklərə qurdlar can atar,
Bahar göstərdikcə lətafətini.
Gəncliyin torundan şərəflə çıxdın,
Günahlar vurnuxdu dövrəndə əbəs.
Fəqət etibarın, saflığın, adın
Heç vaxt paxıllar susdura bilməz.
Tutmasa hüsnünü qara buludlar,
Bütün ürəklərə sənsən hökmdar.
71
Bu fani dünyanı tərk edəndə mən,
Məzarda qurdlara yem olan zaman
Axıt göz yaşını, kilsə zəngindən
Bu xəbər aləmə yayılanacan.
Mənsiz nəzər salsan bu sətirlərə,
Onları yazanı, gəl, yad eyləmə.
Ürəyin batacaq qəmə, kədərə,
Düşünüb ruhunu bərbad eyləmə.
Çürüyüb mən qara torpaq olarkən,
Oxusan bu şeri o qara gündə,
Adımı ucadan çəkmə heç zaman,
Mənimlə çürüsün məhəbbətin də.
Xatirəm verəcək xəcalət senə,
Hər gülüş olacaq dərd-möhnət sənə.
72
Mən öləndə səndən soruşacaqlar:
Necə dayanıbdır saf məhəbbətin?
Məni tamamilə yadından çıxar,
Nə cavab verərsən? Çətindir, çətin.
Əgər tərifləsən ləyaqətimi,
Sözlərin olacaq uydurma, yalan.
Əgər mədh eyləsən saf niyyətimi,
Səndə qalmayacaq düzlükdən nişan.
Eşqin əvəzsizdir, fəqət bəllidir:
Saxta görünəcək kədərin, yasın.
Adımı dəfn elə nəşim ilə bir,
Nə məni, nə səni utandırmasın.
İşlərim özümə verir xəcalət,
Qorxuram, sənə de gətirər töhmət.
73
Sən belə bir fəsli görürsən məndə:
Soyuqdan titrəşir solmuş yarpaqlar,
Nəğmələr, şərqilər düşüb kəməndə,
Quşlara həsrətdir çılpaq budaqlar.
Sən məndə görürsən belə axşamı:
Qürubun şəfəqi saralır qərbdə,
Gecə ölüm kimi tapıb məqamı,
Çəkər zülmətiylə üstünə pərdə.
Sən məndə görürsən belə bir közü;
Ocağın külündə qalıb nişanı,
Tezliklə sönəcək, belədir düzü,
Bir gün beşik olan bir gün məzardır.
Sən bunu bilirsən: əbədi hicran
Artırır sevgini daim, anbaan.